Sərnişinlərin, baqajın və yüklərin daşınması qaydaları milli aviadaşıyıcı - “Azərbaycan Hava Yolları” QSC-nin (sonra mətndə – «Aviaşirkət») sərnişinlərin, baqajın və yüklərin hava ilə daşınması üzrə fəaliyyətini tənzimləyən əsas normativ sənəddir və Aviaşirkət ilə müştərilərin qarşılıqlı münasibətlərini tənzimləyir.
Sərnişinlərin, baqajın və yüklərin daşınması qaydaları hava daşımalarına dair beynəlxalq hüquqi sənədlərə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) tövsiyələrinə, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 944-IIQ nömrəli «Aviasiya haqqında» Qanununa və Azərbaycan Respublikasının normativ hüquqi sənədlərinə əsasən işlənib hazırlanmışdır.
Bu Qaydalar uçuşların təhlükəsizliyini və xidmət keyfiyyətini lazımi səviyyədə təmin edən “Azərbaycan Hava Yolları” QSC-nin hava gəmilərində sərnişin, baqaj və yüklərin daşınması şərtlərinin, habelə sərnişin, baqaj və yüklərin hava nəqliyyatı ilə daşınması zamanı, bu daşımalara aidiyyəti olan xidmətlər də daxil olmaqla, subyektlərin məsuliyyət prinsipi və normalarının müəyyən edilməsi məqsədilə hazırlanmışdır.
Bu Qaydalar “Azərbaycan Hava Yolları” QSC-nin işçi heyətinə, Xidmət üzrə agentlərə, Daşımaların satışı üzrə agentlərə, Aviaşirkətin sərnişinlərinə və yük müştərilərinə şamil olunur.
Xüsusi daşıma şərtləri ilə digər qaydalar nəzərdə tutulmadığı halda, bu Qaydalar həmin daşımaya aidiyyəti olan və “Azərbaycan Hava Yolları” QSC-nin həyata keçirdiyi xidmətlər də daxil olmaqla, istənilən baqaj, yük və sərnişin daşınmasına tətbiq olunur.
Xidmət üzrə agentlər, Daşımaların satışı üzrə agentlər, Aviaşirkətin əməkdaşları və ya təmsilçiləri bu Qaydalara ciddi riayət etməlidirlər və onun müddəalarını təhrif etmək və ya dəyişmək hüququna malik deyillər.